"Azərbaycan ictimaiyyəti Güneydəki prosesləri diqqətlə izləyir"
Milli Məclisin deputatı, tarix elmləri doktoru Cəmil Həsənli bildirib ki, Güney Azərbaycanda milli haqları uğrunda mübarizə aparan insanların həbsini, təqiblərə və təzyiqlərə məruz qalmasını Azərbaycan Respublikasının ictimaiyyəti pislənir: "Azərbaycandakı ictimai təşkilatlar, hüquq müdafiəçiləri bir qayda olaraq İranda insan haqlarının pozulmasıyla bağlı bəyanatlar yayır. Biz dövlətin bu işlərə müdaxilə etdiyini, qarışdığını deyə bilmərik. Amma ictimaiyyətin münasibəti baxımından bu məsələlər diqqət mərkəzində saxlanılır. Xüsusilə son zamanlar çoxsaylı insanın tutulması narahatlıq doğurur. Cənubi azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan insanlarla sərt rəftar olunması, hətta həbs yerlərində onların incidilməsi faktları var.
Bütün bunları da Azərbaycanda ictimaiyyət, hüquq müdafiə təşkilatları diqqət mərkəzində saxlayır". Onun sözlərinə görə, parlamentdə ayrı-ayrı deputatlar bu və ya digər vaxtlarda bu istiqamətdə müəyyən təklif səsləndirir: Yəni məsələlər ictimai müzakirəyə gətirilib. Ancaq bir dövlət strukturu olaraq Milli Məclis bu məsələlərə son dərəcə ehtiyatla yanaşır. Bu təkliflər səsləndirilsə də, həmin təkliflər rəsmi qaydada ictimai müzakirəyə gətirilmir. Çoxmillətli, çoxxalqlı dövlətlərin ən ciddi problemlərindən biri milli məsələdir. Bu məsələ son dərəcə həssaslıqla müşahidə olunur. O cümlədən bu, İrana da aiddir və istər azərbaycanlıların, istərsə də İranda yaşayan digər xalqların hüquqlarıyla bağlı məsələlər gündəliyə gələndə bunu çox böyük narahatlıqla fars şovinist rejimi qarşılayır. Təkcə Cənubi Azərbaycanda deyil, dünyanın hər yerində azərbaycanlıların haqqını müdafiə edirik. Dil haqqı insanın ilahidən gələn haqqıdır. Bunun qadağan olunması, bu dildə kitabların çapı, dərs keçilməməsi, məktəb olmaması, mətbuat üzərində xüsusi nəzarət qoyulması - bütün bunlar bilavasitə insan haqlarına zidd olan məsələlərdir".
